Mötədillik; Quran və Peyğəmbərin (s) sünnəsindən həyat dərsi Həmid Məhəmmədi
Posted on : 2010/8/17 Əxlaq kitabxanası
Qurana müraciət etdikdə, açıq-aşkar şəkildə görürük ki, Qurani-kərim bəzi ayələrdə İslam ümmətini vəsf etdikdə, müsəlmanları xüsusi sifətlərlə vəsf edir. Bu ayələrdən biri də, İslam ümmətini yaxşıiıqıara dəvətə görə ən yaxşı ümmət tanıtdırır. Aşağıdakı ayə xüsusilə diqqətləri özünə cəlb edir:
“وَ كَذلِكَ جَعَلْناكُمْ أُمَّةً وَسَطاً لِتَكُونُوا شُهَداءَ عَلَى النَّاسِ وَ يَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهيداً وَ ما جَعَلْنَا الْقِبْلَةَ الَّتي كُنْتَ عَلَيْها إِلاَّ لِنَعْلَمَ مَنْ يَتَّبِعُ الرَّسُولَ مِمَّنْ يَنْقَلِبُ عَلى عَقِبَيْهِ وَ إِنْ كانَتْ لَكَبيرَةً إِلاَّ عَلَى الَّذينَ هَدَى اللَّهُ وَ ما كانَ اللَّهُ لِيُضيعَ إيمانَكُمْ إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَؤُفٌ رَحيمٌ”
Beləliklə, sizi orta (mötədil) bir ümmət etdik ki, insanların əməllərinə şahid olasınız və Peyğəmbər də sizə şahid olsun. İndi yönəldiyin qibləni də yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün təyin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kə’bəyə tərəf çevirmək) ağır görünsə də, Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir. (Bəqərə, 143)
Allah-taala bu ayədə buyurur: Sizin qiblənizi mötədil qiblə etdiyimiz kimi, sizin özünüzü də mötədil ümmət etdik.
Bəhsə başlamazdan əvvəl qiblənin mötədil olmasını əziz oxuculara izah etmək lazımdır. Bu haqda belə deyiblər: Xristianların əksəriyyəti Qərb ölkələrində yaşadıqları üçün, onların qibləsi, yəni Həzrət İsanın (ə) doğum yeri Beytül-müqəddəsdə idi. Buna görə də, onlar adətən üzü şərqə dayanırdılar. Sonradan şərq tərəf onların qibləsi kimi tanındı. Yəhudilər isə adətən Yerin şərq tərəfində yaşayırdılar. Onlar Beytül-müqəddəsə doğru dayandıqda, qərbə doğru dayanırdılar.Buna görə də, onların qibləsinin istiqaməti faktiki olaraq qərb sayıldı. O zaman müsəlmanlar Mədinədə məskunlaşmışdılar. Məkkə şəhəri onların cənub tərəfində yerləşirdi. Buna görə də, cənuba üz tutmaq həqiqətdə şərqlə və qərb arasında orta (mötədil) vəziyyət sayılırdı.
Bir çox hədislər möminlərə mötədillik və mülayimliyi tövsiyə edir. Həzrət Əli (ə) bəzən öz xütbələrində (məsələn, Nəhcül-bəlağə, 94-cü xütbə), bəzən də, İmam Hüseynin (ə): - “Peyğəmbərin (s) evdən kənardakı əxlaqı necə idi?” sualının cavabında, Peyğəmbərin (s) ümumi işlərdə əxlaqının mülayim və mötədil və özünün də mötədil şəxs olduğunu bildirirdi. Belə ki, ondan heç vaxt ifrat və təfrit müşahidə olunmamışdır (“Uyun əxbar ər-Riza”, c. 1, s. 318). Əlbəttə, bu məsələ şübhəsizdir. Çünki İmam Əli (ə) başqa bir yerdə ifrat və təfriti cahil şəxsin xüsusiyyətlərindən sayır. Beləcə, nəticə çıxarmaq olar ki, mötədillik ağlın, ifrat və təfrit isə cahilliyin göstəricisidir.
Bu bir neçə əsr ərzində İslamda baş vermiş bütün böyük və kiçik azğınlıqların hamısının, mötədillik qayda-qanunlarına riayət etməməkdən irəli gəldiyini görərkən mötədillik yolunun əhəmiyyəti aydın olur. Biz hamımız Əhli-beytin (ə) hidayət və nicat yolu olduğuna inanırıq. Amma o müqəddəs insanlar öz məqamlarını bizə vəsf edərkən buyururlar:
“نحن الامة الوسط ونحن شهداء الله على خلقه وحجته في أرضه”
Mötədil ümmət, Allahın yaratdıqlarına Onun şahidləri və yer üzərində Onun höccətləri bizik. (“əl-Burhan”, c. 1, s. 160)
Həqiqətdə İmam Sadiq (ə) bu bəyanla hamıya mühüm və əhəmiyyətli bir məsələni çatdırır. Belə ki, mötədil ümmət o ümmətdir ki, Peyğəmbər (s) və onun Əhli-beytini (ə) özünə nümunə seçsin, onların getdiyi yolla addımlasın. Maraqlı burasıdır ki, yuxarıdakı ayə ilə bu hədisi yanaşı qoyduqda əldə olunan nəticə şiə adı ilə uyğun gəlir. Çünki o şəxsə şiə deyilir ki, İmam Əlinin (ə) ləpirinin yerinə ayağını qoysun və onun getdiyi yolu getsin. Əlbəttə, şübhəsizdir ki, biz özümüzü Əhli-beytin (ə) şiəsi yox, yalnız onları sevənlərdən bilməliyik. Çünki şiənin tərifi qətiyyən bizə uyğun gəlmir. Bizim gündəlik rəftar, əxlaq və həyatımız bununla müvafiq deyil. Özümüzün bütün münasibət, rəftar və işlərimizlə yanaşı Əhli-beyt (ə) üçün də bir yer ayırmışıq. Bütün vaxtımız və əməllərimiz tam şəkildə Əhli-beytlə əlaqədə olmaq əvəzinə, hər birimiz xüsusi niyyətimizə əsasən, öz vaxtımızın bir hissəsini Əhli-beytlə (ə) rabitəyə ayırırıq.
Əgər bir millətin mötədillik meyarı olsa və ona əsasən öz qayda və qanunlarını qəbul etsə, heç vaxt ifrat və həddini aşmaya düçar olmaz. İmam Əli (ə) buyurur:
نَحْنُ النُّمْرُقَةُ الْوُسْطَى بِهَا يَلْحَقُ التَّالِي وَ إِلَيْهَا يَرْجِعُ الْغَالِي
“Biz mötədil məqamdayıq. Arxada qalanlar bizə çatmalıdırlar. İrəlidə gedənlər bizə doğru qayıtmalıdırlar. (“Nəhcül-bəlağə”, 109-cu hikmət)
“Camiə-Kəbir” ziyarətnaməsində məsumlara (ə) belə deyirik:
“فَالرَّاغِبُ عَنْكُمْ مَارِقٌ وَ اللَّازِمُ لَكُمْ لَاحِقٌ وَ الْمُقَصِّرُ فِي حَقِّكُمْ زَاهِقٌ وَ الْحَقُّ مَعَكُمْ وَ فِيكُمْ وَ مِنْكُمْ وَ إِلَيْكُم”
Sizdən üz çevirən dindən çıxmış olar, sizinlə birgə olan Allaha çatar, sizin haqqınızı ödəməyən məhv olar. Çünki haqq sizinlədir, sizdədir, sizdəndir və sizə doğrudur.
İmam Əli (ə) məzlumluğun son dərəcəsində Kufə əhlinin və başqalarının kar və eşitməyən qulaqlarına fəryad çəkir ki, bizim yol və üslubumuz mötədillikdir. (“Şərh ğurər əl-hikəm”, c-3, s-254) Lakin, eşidən bir qulaq yox idi ki, qəlbi ilə İmam Əlinin (ə) kəlamını dərk etsin və itaət və təslim ilə baş əysin.
O, başqa bir yerdə buyurur:
“الْيَمِينُ وَ الشِّمَالُ مَضَلَّةٌ وَ الطَّرِيقُ الْوُسْطَى هِيَ الْجَادَّةُ عَلَيْهَا بَاقِي الْكِتَابِ وَ آثَارُ النُّبُوَّةِ وَ مِنْهَا مَنْفَذُ السُّنَّةِ وَ إِلَيْهَا مَصِيرُ الْعَاقِبَة”
“Sağ və sola yönəlmək yolu azmaqdır. Doğru və mötədil yol isə geniş haqq yoludur. Allahın kitabı və Peyğəmbərin (s) ayini bu yolu tövsiyə edir. Peyğəmbərin sünnəsi də bu yola işarə edir. Sonda bu yol hamının rəftarının tərəzisidir. Yolun sonu da ona doğrudur”. (“Nəhcül-bəlağə”, 16-cı xütbə)
Həzrət Əli (ə) ciddi şəkildə müsəlmanlara xəbərdarlıq edirdi:
“Kim salamatçılıq istəyirsə, mötədillik yolunu seçməlidir”. (“Şərh ğurər əl-hikəm”, c-5, s-266)
İmam Əli (ə) belə bir müjdə də verirdi:
“Kim mötədil olsa, onun yolunu mədh edin və nicat tapmasına müjdə verin. Kim sağçı və ya solçu olsa, onun yolunu məzəmmət edin və onu məhv olmadan qoruyun”.
Yuxarıda qeyd etdik ki, tarix boyu müsəlmanların bir çoxunun ötən əsrlərdə məhv olmasına səbəb onların mötədil yola diqqət yetirməmələri olmuşdur. Buna dəlil həzrət Əlinin (ə) bu kəlamıdır:
“Sağa-sola əyilərlər və zəlalətə, azğınlığa sürüklənərlər. Doğru hidayət yollarını beləcə itirərlər. (“Nəhcül-bəlağə”, 150-ci xütbə)