Din və sekulyarizmin ixtilafı Seyid Məhəmmədəli Dainejad
Posted on : 2010/8/17 Əxlaq kitabxanası
-Sekulyarizm nə deməkdir və sekulyarizasiya ilə nə kimi fərqi var?
-Sekulyarizm ingilis sözüdür. Fars dilində dünyapərəstlik, dünyəvi məsələləri əsas götürmək, dinsizliyə meyl, dinin dünyadan ayrılması, şəri və dini məsələlərlə müxalifət, müqəddəs hisslərlə mübarizə mənasınadır. Ərəb dilində isə ilmaniyyət və ya əlmaniyyət (Sözün götürüldüyü kökə görə, bu ixtilaf meydana çıxır. Bəziləri bunu elm sözündən, bəziləri isə aləm sözündən götürüldüyü fikrindədir) deyilir. Sözün kökü latınca belədir; “seculum”. Mənası isə bu dünya deməkdir.
Bir növ ideologiya olan sekulyarizm bəzən ictimai proses olan sekulyarizasiya ilə qarışdırılır. Sekulyarizmin dünyəviləşmədə, ya sekulyarizasiyada təsir qoyma bilməsinə baxmayaraq, hər halda sekulyarizasiyadan fərqli anlamdır.
-Sekulyarizm və sekulyarizasiya məfhumlarını izah edərkən onların xüsusiyyət və fərqlərini bilmək olar. Siz əvvəlcə sekulyarizm məfhumunu izah edin.
-Sekulyarizm təbii əxlaq üzərində qurulan, vəhyə və qeyri-təbii işlərə əsaslanmayan bir növ ideologiyadır. Bu fəlsəfi nəzəriyyəni ilk dəfə C.Holyok təqribən 1846-cı ildə İngiltərədə irəli sürmüşdür.
Sekulyarizm sözü protestant məzhəbli bəzi ölkələrdə hamının işlətdiyi sözdür. Katolik məzhəbli bəzi ölkələrdə isə laizm sözünü işlədirlər. Birincisi fransızlara, ikincisi isə ingilislərə tanış olan bu iki söz bir-birilə fərqlənir. Sekulyar təfəkkür dini dünyəviləşdirmək və maddiləşdirmək istəyir. Laik təfəkkür isə dini siyasətdən ayırmaq məqsədi güdür. Sekulyarizmi dəstəkləyənlər bilərəkdən qeyri-təbii işlərə etiqad bəsləməyin bütün formalarını inkar edir və qeyri-dini və ya anti-dini qaydaları şəxsi əxlaq və ictimai hərəkatı təməl prinsip sayırlar.
Sekulyaristlər inanırlar ki, dünyanı izah etmək üçün, dini dildə danışmaq lazım deyil. Əksinə, yalnız bəşər dili ilə dünyanı kəşf və bəyan etmək mümkündür. Onların fikrincə, bəşərin elm və savadı daha yaxşı dünya və daha gözəl yaşamağa yol açan amildir.
Şübhəsiz, sekulyarizm təkcə bir ideologiya deyil. Əksinə, F. Bertin dediyi kimi; “Dünyada müxtəlif dinlər olduğu kimi, müxtəlif növ sekulyarizm də mövcuddur ki, hər biri fərqli fəlsəfi struktur, dəyərlər və normalar ortaya qoyur”. Əlbəttə, sekulyarizmin bütün növlərinin ortaq məxrəci onların hamısının dinlə mübarizə etməsidir.
Sekulyaristlərin fikrincə, yaşadığımız dünyanın özü son istinadgahdır. Yəni dünyanın özünə istinad etməklə onu dərk və kontrol etmək mümkündür. Halbuki, dindarlara görə, bu dünyada yaşamaq ağılla başa düşülən və dərk olunandır, amma uca bir həqiqətə istinad etməklə tənzimlənə bilər. Dindar inanır ki, həyatın, hətta bütün kainatın həqiqi məna və dəyərini, yalnız bütün kainatdan üstün olan həqiqətə istinad etməklə tapmaq mümkün ola bilər.
Ümumiyyətlə, demək olar ki, din və sekulyarizmin ixtilafı iki məsələdədir: insani dəyərlər və insanın əməli üçün münasib meyar. İnsani dəyərlərin istinadgahı yaşadığımız dünyadadır ya ondan üstün bir varlıqda?
Ərəb dünyasında da sekulyarizm sözünə ekvivalent olaraq “əlmaniyyət” sözünü seçmişlər. Filoloq Sə`b sekulyarizm ya əlmaniyyət barəsində deyir:
Əlmaniyyət sözünün iki mənası var:
1. Marks, Freyd, Rassel və bu kimi şəxslərin irəli sürdüyü məna. Onların fikrincə, din bəşər şüurunun uydurub, ərsəyə gətirdiyi və onun üçün zərərli olan xüyladır. Sekulyarizmin bu anlamını “dinsizlik sekulyarizmi” adlandırmaq olar. Bu, dini məhv etməyə və onu inkar etməyə meylli növdür.
2. Maarifləndirmə hərəkatının bir sıra mütəfəkkirlərinin irəli sürdüyü məna. Onlar dini siyasətdən ayırmağa və ictimai quruluşu ağla əsaslandırmağa çağırırdılar.
-Sekulyar ideologiya və təfəkkür bir sıra iranlı ziyalıların da diqqət mərkəzində olmuş və onlar buna izahlar vermişlər. Bu şəxslər sekulyarizmə necə tərif vermişlər? Qısa şəkildə aydınlıq gətirin.
-Bəzi iranlı ziyalılar sekulyarizmin tərifində demişlər: “Sekulyar təfəkkür dedikdə, Allahın varlığına diqqət yetirmədən əxlaqi və təbii məsələləri izah etmək nəzərdə tutulur”.
Hazırkı dövrdə sekulyarizm dini, həyat və siyasət səhnəsindən bilərəkdən kənarlaşdırmaq mənasındadır. Sekulyar hökumət, o hökumətə deyilir ki, dinlə ziddiyyət təşkil etmir. Lakin dini nə öz legitimliyi, nə də əməlləri üçün meyar bilmir.
-Sekulyarizm cəmiyyətin elmi və əqli yolla idarə olunmasından başqa bir şey deyil.
-Sekulyarizmə belə də tərif vermək olar: Artıq siyasi ərsədə heç bir tənqidolunmaz dəyər və göstəriş yoxdur. Yəni qara camaatın nəzarətindən kənar ədəb, məqam, vəzifə və qayda yoxdur.
-Dövlətin sekulyar olması o deməkdir ki, nə öz legitimliyini, nə də hökm və qanunlarını dindən əxz etmir.
-Ərəbcə elmi olmaq və yaxud elmiləşmək mənasına olan olan "ilmaniyyət" sözü sekulyarizmin ən dəqiq tərcüməsidir. Əlbəttə, əvvəlcə qeyd edildiyi kimi, sekulyarizm sözündə dinsizlik və ya dinə etinasızlıq, yaxud dinin məhv edilməsi mənası da gizlənib.
-Sekulyarizm bu məqama daha çox təkid edir ki, hakimiyyətdə olan heç bir şəxsin allahlıq etmək haqqı yoxdur. Sadə dillə desək, hakimiyyət Allahın təzahürü deyildir.
Qeyd olunmuş təriflər də din və sekulyarizmin ziddiyyətinə və dinin dünyadan, xüsusən də siyasətdən ayrı olduğuna təkid edir və dünyaya aid olan bütün işlərin elmiləşməsinə və əqliləşməsinə inanır.
-Sekulyarizm anlamı müəyyən qədər aydın oldu. Habelə, iranlı ziyalıların da ona necə tərif verdikləri məlum oldu. İndi isə Sekulyarizasiya haqqında məlumat verin.
-Sekulyarizasiya dini qurumların əqliləşməsinə, dinin dünyadan ayrılmasına və dinin ictimai meydandan kənarlaşdırılmasına yönəlmiş bir prosesdir. Avropa dillərində “dünyəviləşmək” sözü ilk dəfə 1648-ci ildə, Vestefaliya sülh müqaviləsi zamanı işlədilmişdir. Bu müqavilədə əvvəlcə kilsənin ixtiyarında olan torpaqların, sahibinin dəyişdirilməsi zamanı dünyəviləşmək sözü işlədildi. Bu torpaqlar ruhani olmayan siyasi dairələrə tabe edildi. Bu müqavilədən öncə sekulyaris (secularis) sözü işlədilirdi. Kilsə əhli dini və dünyəvi işlər arasında müqəddəs məsələlərin daha üstün olduğunu iddia etmək üçün ondan istifadə edirdilər.
Sosioloqlar bu sözü fəza, zaman, imkan və sərvətlərin dini rəhbərlərin ixtiyarından çıxması, fövqəltəbii məqsəd daşıyan dini əməllərin dünyəvi məqsədlərlə və praktik üslublarla əvəz olunması və s. kimi hadisələrə aid edirdilər. Dünyəviləşmə mənasını daşımazdan öncə Ögüst Kont (1798-1857) kimi ilk sosioloqlar tərəfindən sosioloji mənada işlənən bu söz sonradan ictimai inkişaf nümunəsinə dəlalət edən terminə çevrildi. Bu prosesdə müxtəlif ictimai qurumlar yavaş-yavaş bir-birlərindən ayrılıb dini çərçivədən və dini tabeçilikdən azad oldular. Bu dəyişiklikdən öncə ictimai fəaliyyətlər və ictimai təşkilatlar fövqəltəbii dərklər əsasında tənzimlənirdi.
Qərb mütəfəkkirlərinin əksəriyyəti sekulyarizasiyaya dinin ictimai göstərişlərini əhəmiyyətsiz saymaq və dini quruluşları kənara atmaq kimi tərif vermişlər.
Alen Piro demişdir: “Beynəlxalq mədəniyyət, təfəkkür, etika və adətlərin qeyri-dini yön alması dedikdə, onların dini bağlılıq və dəyərlərdən, ilahi qanunlardan qırılması nəzərdə tutulur”.
Vilsonun fikrincə dünyaya kütləvi şəkildə meyllənmə nəticəsində dini qurumlar, işlər və biliklər öz ictimai əhəmiyyətini itirəcək. İctimai əhəmiyyətin itirilməsi xüsusi etiqadların da cəmiyyətdən silinməsinə səbəb ola bilər. Beləliklə dinin cəmiyyətdəki və insanların təfəkküründəki nüfuzu getdikcə azalacaq, nəhayət müqəddəs yox olacaq və müqəddəs olmayan tam şəkildə onun yerini tutacaq. Bunun aşkar nümunəsini 19-cu əsrdə görmək olar.
Buna əsasən, dünyəviləşmək bir qərb məfhumudur və əsasən Qərbdə, xüsusilə də bu əsrdə baş verən prosesi ifadə edir.
Sekulyarizasiya istənilən dini anlamı həyatdan silməyi normal hesab edən və nəhayət, sırf individuaıizmlə və ateizmlə nəticələnən bir prosesdir.
Dediklərimizdən aydın olur ki, sekulyarizasiyaun iki mənası vardır:
1. Sekulyarizasiya - tarixi bir hadisə kimi, yəni kilsənin mülkiyyətini əlindən almaq;
2. Sekulyarizasiya - sosioloji bir nəzəriyyə kimi, yəni müqəddəsliklərlə mübarizə, ictimai dəyərlərin dünyəviləşməsi, dini qurumları qeyri-dini qurumlardan ayrılması yönündə baş verən proses.
Dürkheym kimi bəzi Qərb mütəfəkkirləri, Qərb dünyasının dünyəviləşməsini inkar edərək, bu yanlış təfəkkürün bu günkü Qərb dünyasında süstləşməkdə olan dini adət-ənənələrlə dinin eyniləşdirilməsindən qaynaqlandığını bildirmişlər.
Dünyəviləşmə prosesində artıq cəmiyyət üzvlərinin dini adətlərə əməl etməsi vacib deyil, əksinə, onların bəziləri başqa məqsədlərlə yerinə yetirilir.
-Sekulyarizm və sekulyarizasiya haqqında bəzi məlumatları verdiniz. İmkan daxilində, baxışların daha aydın olması üçün çox xülasə olaraq, bu ikisinin fərqləri barədə bir neçə cümlə izah verərdiniz.
-Sekulyarizm bir ideologiyadır ki, ya ateist yonümlüdür və ümumiyyətlə dini inkar edir, yaxud ateist yonümlü deyil. Bu halda ya dinlə dünyanın ayrı olmasına və dinin dünya işlərinə müdaxilə etməməsinə inanır, yaxud dinlə siyasətdən ayrı olmasına və dinin hökumət və siyasət işlərinə qarışmamasına inanır.
Sekulyarizasiya sekulyarizmdən fərqli olaraq, ideologiya deyil. O iki anlamdan birində işlənir:
a. Sosioloji nəzəriyyə, yəni müqəddəsliklərlə mübarizə, ictimai hadisələrin dünyəviləşməsi, dini qurumların qeyri-dini qurumlardan ayrılması prosesi;
b. Qərbdə baş vermiş tarixi bir hadisə, yəni kilsənin mülkiyyətini əlindən alınması.
-Sekulyarizmin təməl prinsipləri nədən ibarətdir? İslam sekulyarizmlə müvafiqdirmi?
-Sekulyarizm üçün müxtəlif təməl prinsiplər deyilmişdir. Qısa şəkildə mən bunlardan üçünə: sientizm, rasionalizm və humanizmə işarə edəcəyəm. İslamın da bunlar haqqındakı nəzərini xülasə olaraq qeyd edəcəyəm:
a. Sientizm (həyatın bütün sahələrində elmin rolunun mütləqləşdirilməsi)
Sekulyarizmin təməl prinsiplərindən biri olan sientizm vəhy və ilahi təlimlərin yerini tutur. Sientizmin araşdırılması və tənqidi üçün üç məqama işarə etməliyik:
1. Qərbdə sientizm güclü qnoseoloji prinsiplərə əsaslanmırdı, əksinə onun yaranmasına səbəb elmi kəşflərlə xristianlığın kainat barəsindəki yanlış təlimləri arasında olan təzad idi. Şübhəsiz ki, elmi inkişaf kainat və insan haqqında səhv təlimlərə malik olan hər hansı bir dinin zəiflətməsi ilə nəticələnməlidir. Təhrifdən və yanlış təlimlərdən uzaq olan İslam kimi bir din elmi inkişafla nəinki zəifləmir, əksinə, gündən-günə onun haqq olması və ona qayıdış və ondan bəhrələnməyin zərurəti ortaya çıxır.
2. İdrakı təcrübədə məhdudlaşdıran sientizm səhv nəzəriyyədir. Buna ən aydın dəlil isə bu prinsipin ("idrak yalnız təcrübədə məhduddur" prinsipinin) özünün qeyri-elmi olmasıdır. Çünki heç bir təcrübə heç vaxt ümumi və qəti qanun göstərə bilməz. Bu nəzəriyyənin puç olduğuna dair başqa bir dəlil isə qəti əqli təlimlərin olmasıdır. Belə ki, həqiqətləri kəşf etməkdə insan ağlının qüdrətini nümayiş etdirir. Məsələn: Səbəbiyyət qanunu.
3. Sientizmin, vəhyi və dini təlimləri lüzumsuz bilməsi onun insanı düzgün tanımamasından irəli gəlir. Elə güman ediblər ki, insan təcrübə və elmlə özünün bütün problemlərini həll edə və ehtiyaclarını ödəyə bilər. Bu təsəvvürün puç olmasını bilmək üçün elmin əsaslandığı üçüncünü istisna qanunu, səbəbiyyət qanunu və s. kimi metafizika qanunlara nəzər salmaq, habelə təcrübəçi alimlərin müxtəlif sahələrdə öz acizliklərini etiraf etmələrinə diqqət etmək kifayətdir.
Maks Şeller müxtəlif elmlərin yaranmasına işarə edərək deyir: “Daim sayları artmaqda olan və insan haqqında tədqiqat aparan müxtəlif elm sahələri insanın mahiyyətini açmaqdan çox onun üzərinə pərdə çəkir.”
Əgər insanı düzgün tanımaq mümkün olmasa, onun üçün münasib səadət və xoşbəxtliyi necə təmin etmək olar? Başqa bir məqam da budur ki, İslam nəzərində yuxarıdakı mənada sientizm batildir. İnsanın müxtəlif idrak kanalları vardır ki, hiss onlardan biridir. İnsanın digər idrak kanalları vəhy, ağıl və intuisiyadan ibarətdir. Quranın bəzi ayələri bu üç idrak kanalına işarə etmişlər.
b. Rasionalizm (ağla üstünlük verilməsi)
Sekulyarizmin digər bir təməl prinsipi rasionalizm və insanın ehiyaclarını ödəməkdə ağlın əsas götürülməsidir. Bu prinsipin təhlil və tənqidində dörd məqama işarə etmək lazımdır:
1. Sientizmə tutulan irad bu prinsipə də aiddir, yəni ağlın özünə kifayətlənməsi. Başqa sözlə desək, ağlın xristianlığın bəzi təlimləri üzərində qələbəsi, onun aləmi rasional izah etmək bacarığı və bəzi kəşfləri belə bir yanlış təsəvvürə səbəb oldu ki, insan təklikdə öz problemlərini həll edə bilər və onun problemlərinin kökündə dayanan dindir.
Halbuki, Qərbin əxlaqi, siyasi və iqtisadi böhranları, insanın müxtəlif sahələrdə həqiqətə çatmaqda uğursuzluğu və nəticədə skeptisizmin (şəkkaklığın) artması Qərb insanını şəxsiyyət böhranına qədər sürükləyib, onu insani dünya yaratmaqdan tamamilə naümid etdi. Bütün bunlar ifrat rasionalizmin və ağlın məhdudluğuna səbəb olan xəta, nəfsani istəklər və s. kimi maneələri görməməyin nəticələridir.
2. İnsan bu dünyanın həqiqətlərini dərk etməkdə məhdud olmaqdan əlavə, bütün qeybi həqiqətləri və dünya ilə axirətin əlaqəsini dərk etməkdə acizdir. Misal üçün, insanı həm dünyada, həm də axirətdə səadətə çatdıra biləcək və insanı kamil edəcək həyat tərzini seçmək məsələsi insanı qüdrətindən üstündür. Yalnız dünyanı yaradan və qeyb və aşkarı bilən Allah belə bir yolu göstərə bilər. Həqiqətdə peyğəmbərlərin seçilməsi zərurəti buradan qaynaqlanır.
3. İnsan ağlının digər nöqsanı isə ümumi hökmün predmetlərini ayırd etməkdədir. Yəni ümumi baxışa malik olan ağıl qüvvəsi cüzi məsələləri müəyyən etmək qüdrətinə malik deyil. Əlbəttə, ola bilsin ki, ağlı alət və cüzi baxışlı kimi dəyərləndirən şəxslər belə bir iradı qəbul etməsinlər. Lakin bu halda başqa bir səhv yola düçar olmuş olacaqlar. O da ümumi məsləhətləri, yaradılışın məqsəd və hədəflərini və həyatın ümumi qanunlarını müəyyən etməkdə bacarıqsızlıqdan ibarətdir. Çünki bu məsələlər barəsində cüzi baxışlı ağıl yox, ancaq ümumi baxışlı ağıl söz deyə bilər.
Dördüncü məqam: İslam nəzərində rasionalizm ağla qarşı ifrat baxışdır və başqa idrak vasitələrindən məhrum olmaqdan ibarətdir. Buna görə də, sientizmə olan irad rasionalizmə də aiddir.
c. Humanizm
Müxtəlif məktəbləri özündə birləşdirən humanizmin əsas məğzi insanı hər şeyin meyarı bilmək təşkil edir.
Humanizm təlimlərinə görə, insan öz həyatını qurmaqda dini təlimlərdən istifadə etməməli, yalnız özünə arxalanmalıdır. Beləliklə, din insan həyatından, ya ən azı onun dünya həyatından kənarlaşdırılır və dinin dünyadan, yaxud ən azı siyasətdən ayrılması baş verir.
Humanizmin də təhlil və tənqidində üç məqama işarə etmək lazımdır:
1. Humanizm insanın məqamını təyin etməkdə ifrat mövqedədir. Bu təfəkkür xristianlığın hər bir insanın ilkin günah (Adəm peyğəmbərin meyvəni yeməsi-red.) vasitəsilə çirkaba bulaşdığını deyən insan haqqındakı təlimlərinə zidd olaraq meydana çıxıb. Şübhəsiz, Allahın xəlifəsi olmaq, Allahın sifətlərini özündə daşımaq, Allahın əmanətinin ona verilməsi, insanın tövhid fitrəti üzrə dünyaya gəlməsi və s. kimi insana İslamda verilən məqam humanizmin insan haqqındakı ifrat təfəkkürünə müəyyən qədər mötədillik verə bilər.
2. İnsanın özünə kifayətlənmək və onu hər bir şeyin meyarı bilmək ilahi təlimlərdən məhrum olmağa, insanın imkanları barədə qeyri-həqiqi düşüncənin formalaşmasına və insanın məhdudluğuna göz yummağa səbəb olur. Beləliklə, bu baxış nəinki insanın inkişafına yardım etmir, əksinə, insanın özünə məxsus məqamdan süqut etməsinə də səbəb olur.
3. İslam nəzərində humanizmin, yəni insanın özünə kifayətlənməsinin və Allahdan üz çevirməsinin kökündə insanın özünü tanımaması durur. Buna görə dini mətnlərdə deyilib: “Özünü tanıyan Allahı da tanıyar.” İnsanın özünü, bacarığını və ehtiyaclarını düzgün dərk etmək onun Allaha olan ehtiyacını aydınlaşdırıb, sübut edə bilər ki, humanizmdən fərqli olaraq, insanın hərəkətinin əsasında insan deyil, Allah olmalıdır və insan Allaha doğru hərəkət edib, Onda fani olduqda, Onun kamal sifətləri ilə bəzəndikdə və Allaha layiq əxlaqlarla zinətləndikdə insaniyyətə çatar və sonsuz kamilliyi əldə edər.
Bunlar, Qərb mədəniyyətinin ən mühüm prinsipləri, sekulyarizm nəzəriyyəsinin dayaq nöqtəsidir. Bütün bunlar xristianlığın təhrif edilmiş təlimlərindən və Renessans islahatçılarının ifratçılığından qaynaqlanır və heç biri qəti dəlil və sübutlara əsaslanmır. İslam bu prinsiplərin heç birini qəbul etmir.
-Nə üçün sekulyar hüquq qəbul edilə bilməz?
-Əvvəlcə sekulyar hüquqa tərif verilməlidir ki, aydın şəkildə onun problemlərini və iradlarını müzakirə edək.
Sekulyar hüquqla tanış olmaq üçün, sekulyarizmin mənasına baxmaq kifayətdir. Sekulyarizm elə bir məktəb və ya təfəkkürdür ki, dinin dünyadan ayrı olmasına, kobud mənada isə dinin inkarına və xurafat olmasına inanır. Buna görə, sekulyar baxımdan hüquq dedikdə din tərəfindən qoyulmayan qanunlar nəzərdə tutulur və hüquqi vəzifələrin mənşəyini dində axtarmayan bütün hüquq məktəblərini sekulyar hüquq adlandırmaq olar, istər təbii hüquq, istərsə də pozitivist hüquq məktəbləri. Hal-hazırda bir çox hüquq fəlsəfəsi alimləri və hüquqşünaslar hüquqi qanunların həqiqi bazası olmadığına inanan şəxslərin nəzəriyyələrinə istinad etdikləri üçün bu nəzəriyyəni izah və tənqid etməliyik.
Bu hüquq məktəblərinin nəzərində hüquqi qanunlar özlərindən kənar heç bir reallığa əsaslanmır. Onların reallığı qanunvericinin verdiyi şərti reallıqdan ibarətdir. Tarixi və pozitivist məktəblər baxımından ancaq insanlar etibarlı qanunvericidirlər. Əgər onlar bir qanunu qəbul etsələr, mötəbər olur və qüvvəyə minir, əgər qəbul etməsələr etibarını itirir və qüvvədən düşür. Başqa sözlə, qanunun xalq kütləsi tərəfindən qəbul olunması onun həqiqətə uyğun və mötəbər olması deməkdir.
Bir sözlə, sekulyar hüquq baxımından hüquqi qanunların dəyər kəsb etməsinin meyarı onların insanlar tərəfindən qəbul edilməsindən ibarətdir. Onların fikrincə, həm məntiq və ağıl insanların rəyini mötəbər bilməyi zəruri hesab edir, həm də faktiki olaraq bundan başqa bir çarə yoxdur. Çünki insanlar bir qanunu bəyənməsələr, onu icra da etməyəcəklər və belə bir qanunun qəbul edilməsi əbəs olacaqdır. Dünyanın hüquq məktəblərinə hakim olan və nəzərə çarpacaq üstünlüyə malik olan nəzəriyyə budur. Dünyada demokratik ölkələrin çoxluğu buna dəlildir.
İndi isə sekulyar hüququ təhlil etməklə, bu hüququn problemləri və onu qəbul etməməyin dəlillərini qeyd edirik:
1. Bu nəzəriyyəyə əsasən, əgər yüz milyonluq cəmiyyətdə əlli milyon bir nəfər (50%+1) hər hansı bir qanunla razılaşsalar və qalanları narazı olsalar, qalanların sözü qəbul edilməməlidir və təqribən xalqın yarısı narazı qalcaqdır. Beləliklə, xalqın razılığını qazanmaq istəyən bu hüququn əsas hədəfi təmin edilmir və əhalinin böyük əksəriyyəti öz nəzərlərini qəbul etdirməkdən məhrum olur.
2. Sekulyar hüquq insanın fikir azadlığını təkidlə dəstəkləyir və insanların azad rəyini bütün qanunlardan üstün bilir. Qərb dövlətlərini və onların siyasi strukturlarını araşdıran filosoflar etiraf edirlər ki, azad fikir və demokratiya xülyadan başqa bir şey deyil və həqiqətdə bu üslub Qərbin kapitalist hədəflərinin təmin edilməsi üçün münasib bir alətə çevrilmişdir. Çünki onlar yalançı təbliğatlarla xalqı kapitalistlərin mənafeyini təmin edəcək istiqamətə yönəldirlər. Buna görə də, bəzi Qərb alimləri demişlər: -“Fikir azadlığı təkcə əl və qələm azadlığından ibarət deyil. Əksinə, təfəkkür və beyinlər də azad olmalıdır ki, xeyri və ziyanı nəzərə almaqla seçimə getsinlər”.
Misal olaraq, filosoflardan biri olan Svalaşpenger Qərbdə demokratiya və seçki hüququnun vəziyyəti barədə yazır:
“Qərbin parlament demokratiyası ilə qədim Misir, Çin və ərəblərin demokratiyası arasında böyük fərq müşahidə olunmaqdadır. Amma həqiqət budur ki, müasir dövrdə də, xalq iqtidarın əlində oyuncaqdan başqa bir şey deyil...”
Cəmiyyətin öz iradəsilə öz müqəddəratını təyin etmə imkanı anlamında olan “xalqın hakimiyyət hüququ” məsələsi, ədəbli formada deyilmiş sözdən başqa bir şey deyildir. Lakin həqiqət budur ki, seçki hüququnun bütün fərdlərə (bilin ki, “bütün fərdlər” anlayışı ruhsuz bir cəsəddir) aid edilməsi ilə seçkilər özünün ilkin mənasını itirir... Rəhbərlər bütün təbliğat vasitələrindən istifadə edərək öz iradələrini xalqa təlqin edir, bir-birlərinə qələbə çalmaq üçün elə yollarla mübarizə aparırlar ki, xalq kütləsi qətiyyən onu dərk etməyə qadir deyildir. Onlar ümumi təfəkkürü alət kimi bir-biri ilə mübarizədə ondan istifadə edirlər.
3. Başqa bir irad budur ki, bəzən insanlar qanunverici orqan üçün bir şəxsi nümayəndə və vəkil seçirlər və sonra aydın olur ki, xalqın istəyinin əksinə olan təfəkkürə malikdir. Lakin bu hüquqa əsasən, onu tutduğu vəzifədən kənarlaşdıra bilmirlər. Buna görə də, bu hüquqa əsasən, camaat bir şəxsi nümayəndəliyə seçdikdə, onu vəzifədən kənarlaşdırma hüququndan məhrumdurlar.
4. Bu nəzəriyyəyə görə, bir qanunun xalq tərfindən qəbul edilməsi onun düzgün və mötəbər olması üçün yeganə meyardır. Xalqın qəbul etməsi və haqq olma arasında məntiqi bağlılıq olmadığı üçün qanunun xalq tərəfindən legitim sayılması ilə onun həqiqət olması arasında uçurum yaranır. Buna görə də, hüquqi nəzər həqiqətpərəstlik əsasında formalaşmır.
5. Sekulyar hüquqa tutulan əsas iradlardan biri də budur ki, bu hüquqda ictimai sabitliyi qorumaq hədəf götürülür. Bu isə belə bir təhlükəli zəmin yaradır ki, xalqın xeyri ağılsızlıqdan irəli gələn istəklərə qurban verilsin və ictimai islahatçıların cəmiyyətdə qarışıqlıq yaratması bəhanəsi ilə öldürülməsi məqbul sayılsın. Hər halda, ictimaiyyətdə müvəffəq olmaması, seçilmiş nümayəndələri vəzifədən kənarlaşdırma səlahiyyətinin olmaması, bu hüququn həqiqətpərəstliyə arxalanmaması, xalqın xeyrinə olmaması və başqa mühüm səbəblər müsəlman mütəfəkkirlərin sekulyar hüququ qəbul etməməsinin amillərindəndir.